26 sen
BMU-da Erasmus+ ilə bağlı məlumatlandırma günü keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Avropa İttifaqının Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycandakı Milli Erasmus Ofisinin və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
AzEdu.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Yaqub Piriyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri, icra olunan dövlət proqramlarını vurğulayıb.
Ali təhsilin daha da inkişafı üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın, gerçəkləşdirilən layihələrin əhəmiyyətini qeyd edən rektor bu baxımdan Erasmus+ proqramının yaratdığı imkanlara toxunub.
Rektor bildirib ki, beynəlmilləşmə istiqamətində islahatların aparılması, xarici əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, müəllim-tələbə mobilliyinin artırılması, həmçinin beynəlxalq arenada nüfuzun artırılması və reytinq cədvəllərində ön sıralarda qərarlaşmaq hər bir ali təhsil müəssisəsi üçün zəruridir. Erasmus+ proqramının Azərbaycan ali təhsil müəssisələri ilə Avropa universitetləri arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyən rektor, eyni zamanda, universitetlərdə təhsili beynəlxalq standartlara uyğunlaşdırmaq, tədqiqat keyfiyyətini yaxşılaşdırmaq baxımından proqramın önəminə diqqət çəkib.
Beynəlxalq reytinqlərdə yer tutmaq üçün Erasmus+ proqramının yaratdığı imkanlardan maksimum yararlanmağı tövsiyə edən Yaqub Piriyev bir neçə gün öncə BMU ilə yanaşı, ölkəmizin 7 universitetinin “QS Avropa Universitetləri Reytinqləri 2024” reytinq cədvəlində yer almasının müsbət hadisə olduğunu bildirib.
Rektor cari ildə qrant qazanan layihələri sadalayaraq bütün bu layihələrin ölkəmizin ali təhsilinin inkişafı, universitetlərin təkmilləşməsi üçün vacib olduğunu söyləyib.
Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov proqramın ölkəmizdə tətbiq olunduğu dövrdən görülən işləri, əldə olunan müsbət nəticələri qeyd edib. Erasmus+ proqramının əsas xüsusiyyətləri (2021- 2027-ci illər) və təklifləri üçün davam edən təklif çağırışlar (CBHE, Jean Monnet, CBVET, EMJM/EMDM) barədə təqdimatla çıxış edən P.Bağırov proqram çərçivəsində gerçəkləşdirilən layihələrin əsas istiqamətləri, aidiyyəti üzrə təqdim olunması, eləcə də son bir ildə edilmiş dəyişikliklər və yeniliklər barədə geniş məlumat verib.
Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova mübadilə proqramlarında iştirak edən tələbələrin kreditlərinin tanınması üçün yaranan çətinliklər və onların həll yolları istiqamətində təqdimatla çıxış edib. Təqdimatda müvafiq qanunvericilik bazası nəzərə çatdırılıb, ali təhsil müəssisələrinin aidiyyəti strukturlarının üzərinə düşən vəzifələrlə bağlı tövsiyələr verilib.
Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.
136