WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
26 sen

Magistraturaya qəbul çətinləşir, yoxsa təkmilləşir? - Rəy

2024-cü ildən etibarən magistraturaya qəbul olunmaq istəyən namizədlər xarici dil imtahanında ilk dəfə olaraq yazı bacarıqlarını nümayiş etdirəcəklər. Bakalavrların yazdıqları esselərin qiymətləndirilməsi üçün Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq meyarlar təqdim edib.

 

Qəbul imtahanına essenin əlavə edilməsi bir çoxları tərəfində narazılığa səbəb olub. Bəziləri düşünür ki, bu qəbul nəticələrinin aşağı düşməsinə səbəb olacaq.

 

Mövzuyla bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, DİM qəbul imtahanlarında müəyyən dəyişikliklərin olacağı barədə əvvəlcədən məlumat vermişdi:

 “Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanlarında müəyyən dəyişikliklərin olunacağı ilə bağlı 2 il öncə məlumat vermişdi. Bakalavrlar əvvəl bir mərhələli formada məntiq¸informatika və xarici dildən imtahan verib ardınca ixtisas üzrə imtahan verirdilərsə, artıq ixtisas fənləri üzrə imtahanlar ləğv olundu. Yalnız müvafiq 3 fəndən imtahanlar götürülərək, 2 mərhələli şəkildə keçirilməyə başlanıldı. Daha sonra hər il magistraturaya plan yerləri çoxaldıldı. Həmçinin magistraturaya müraciət edənlərin sayında da artım olduğunu müşahidə edirik”.

 

Ekspert vurğulayıb ki, magistraturaya qəbul imtahanında baş verən bu dəyişiklik bakalavrların nəticələrinə təsir edə bilər. Amma bu təsir elə də gözə çarpmayacaq.

 

Həmsöhbətimiz qeyd edib ki, essenin yazılması bakalavrların ingilis dili bilik səviyyələrinin artmasına səbəb olacaq:

 

“Müsabiqədə bakalavrlara esse yazmaq üçün 2 mövzu veriləcək və onların seçim hüququ olacaq. Yazdıqları essenin səviyyəsi əsasında qiymətləndirilmə həyata keçiriləcək. Bu qiymətləndirmə üçün müəyyən meyarlar tərtib olunub. İmtahana essenin əlavə olunması, namizədlərdə dil biliyinin artmasına, elmi işlərində xarici ədəbiyyata rahat şəkildə üz tutmalarına imkan yaradacaq”.

 

Ekspert gələcəkdə xaricdə təhsil almaq istəyənlər üçün beynəlxalq dil sertifikatının zəruriliyindən söz açıb :

 

“Vətəndaşlarımız istər magistraturanı, istərsə də doktaranturanı xaricdə oxuya bilərlər. Bunun üçün onlara beynəlxalq dil sertifikatı lazım olacaq. Bu da onu deməyə əsas verir ki, həmin şəxslər əvvəlcədən dil biliklərinin üzərinə düşməli, özlərini bu barədə inkişaf etdirməlidirlər. Həmçinin ingilis dili biliklərinin olması gələcəkdə onların müvafiq məqalələri daha çevik formada yazmaqları ilə nəticələnəcək” - deyə qeyd edib.

 

Esmira Əliyeva
118

PAYLAŞ