08 sen
Şagirdlərə pulsuz yemək veriləcək? – Aydınlıq gətirildi
Qidalanma böyüyən nəslin sağlamlığını müəyyən edən əsas faktorlardan biri hesab olunur. Tamdəyərli və balanslaşdırılmış qidalanma xəstəliklərin profilaktikasına, uşaqlarda və yeniyetmələrdə fiziki və zehni inkişafın, əmək qabiliyyətinin və məktəb nailiyyətlərinin artmasına təsir göstərir.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, xarici ölkələrin bir çoxunda şagirdlərə dövlət hesabına səhər və nahar yeməyi verilir.
Bəs Azərbaycanın ümumtəhsil müəssisələrində şagirdlərə yemək verilməsi istiqamətində hansısa işlər görülə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov bildirib ki, bu, xeyli maliyyə tələb edən bir mövzudur:
“Azərbaycanda bu təcrübəni özəl təhsil müəssisələri tətbiq edirlər. Bu da məlumdur ki, valideynlərin həmin məktəblərə ödədikləri məvacib hesabınadır. Amma dövlət ümumtəhsil məktəblərində bu kimi təcrübə hələ ki, yoxdur. Əlbəttə ki, bu, xeyli maliyyə tələb edən bir məsələdir. Məktəblərdə şagirdləri isti yeməklərlə təmin etmək onları zərərli qidalardan da uzaqlaşdıra bilər. Məktəb bufetlərində satılan ərzaqların keyfiyyətli olmaması və başqa məsələlərlə bağlı məlumatlar bizə daim bildirilir ”.
Ekspert qeyd edib ki, avropa ölkələrində təhsil sistemi Azərbaycandan çox fərqli olduğuna görə təhsil müəssisələrində şagirdlərə yemək vermə ehtiyacı yaranır:
“Düşünürəm ki, dövlət ümumtəhsil müəssisələrində şagirdlərə günorta yeməyinin verilməsi avropa məktəblərində olduğu kimi, şagirdlərin dərsdən sonrakı fəaliyyətlərindən asılı olmalıdır. Əgər dərsdən sonra şagirdlər evə getmir, məktəbdə vaxt keçirirlərsə, həmin təhsil ocaqlarında yemək verilməsi məsələsi mümkün ola bilər. Təbii ki, Azərbaycanda da bunun tətbiq olunması çox yaxşı olardı. Amma nahar yeməyini az öncə də qeyd etdiyim kimi, dərsdən sonra məktəbdə vaxt keçirəcək şagirdlər üçün nəzərdə tutmaq olar. Çünki səhər növbəsinə gələn şagirdlər onsuz da günorta saatlarında evə getmiş olur. İkinci növbə isə artıq naharı edib, məktəbə gəlirlər.
Finlandiyada olmuşam. Burada şagirdlər demək olar ki, bütün gününü məktəbdə keçirirlər. Ev tapşırıqlarını belə təhsil ocağında həll edirlər. Ona görə məktəblərdə şagirdlərə dövlətin hesabına yemək verilməsi üçün ümumilikdə təhsil sistemimiz dəyişmək lazımdır. Hesab edirəm ki, bu təcrübə Azərbaycanda tətbiq olunmayacaq”.
137