08 sen
Azərbaycan dili rus dilindən zəngindir
Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə rus bölməsində təhsil alan şagirdlərdə Azərbaycan dili səviyyəsinin aşağı olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi məktəblərin rus bölməsində təhsil alan yuxarı sinif şagirdləri arasında Azərbaycan dili bilikləri yetərli deyil".
Nazirin bu ifadəsi onu deməyə əsas verir ki, ölkəmizdə ana dilini bilməyən gənc nəsil yetişir.
Bəs sözügedən problemi necə həll etmək olar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən professor Adil Babayev qeyd edib ki, dil öyrənmək şəxsi inkişaf üçün çox müsbət xarakter daşısa da, hər kəs ilk növbədə ana dilini mükəmməl səviyyədə bilməlidir:
“Nə qədər çox dil bilsən, bir o qədər inkişaf edəcəksən. Dil öyrənmək, həmişə müsbət bir nüansdır. Lakin öz ana dilini mükəmməl bilməyən insanların dil öyrənməyinin heç bir əhəmiyyəti yoxdur. Əcnəbi bir alim demişdi ki, dünyada iki elə eynilik ola bilməz ki, bir xalqın ruhu ilə onun dili arasında olan eynilik qədər oxşar olsun. Əgər vətəndaşımız bu gün Azərbaycan dilində normal danışa bilmirsə, deməli o, azərbaycanlı ruhuna, mədəniyyətinə, mənəviyyatına yaddır. Öz dilini bilməyən gənc vətənini, yaşadığı torpağı necə sevə bilər? Ölkənin milli mənaviyyatı onlara necə aşılanacaq?
Bəzən deyirlər ki, Azərbaycan dili heç də zəngin deyil. Mən qəti şəkildə bu fikirlərlə razı deyiləm. Hətta, qeyd edə bilərəm ki, bizim dilimiz rus dilindən qat-qat zəngindir. Təkcə Azərbaycan dilinin ahəng qanunundan danışsaq, bu heç rus dilində yoxdur. Ahəng qanunu dili səslənmə və musiqililik cəhətdən daha gözəl edir. Əgər həqiqətən də öz dilini bilməyən gənc nəsil yetişirsə, bizim təhsilimiz, o cümlədən gələcəyimiz mənfiyə doğru gedir”.
Professor şagirdlərin Azərbaycan dilində səlis danışa bilməmələrinin səbəblərindən danışıb:
“Burada başqa məsələlər də var. Bunlardan biri şagirdlərin test üsulu ilə ali təhsil müəssisələrinə qəbul olunmalarıdır. Əminəm ki, bir çox şagird test üsulu ilə təxminən və təsadüfi halda verilən tapşırıqları həll edirlər. Həmçinin əzbərlədikləri nüansları testdə tətbiq etdikdən sonra unudurlar. Düşünürəm ki, bu, köksüz bir bilikdir. Köksüz ağacı bir yerdən başqa yerə köçürdükdə o cücərər, amma meyvə verməz. Bu halda qazanılan biliyin də heç bir əhəmiyyəti yoxdur. Belə davam etsə, uşaqlarda təhlil etmə funksiyaları və şəxsi idrak təşəbbüsləri inkişaf etməyəcək. O yerdə ki, şifahi ünsiyyət yoxdur, nitq necə inkişaf edə bilər?
Dilçi alim qeyd edib ki, Azərbaycan dilinin funksiyanallığını artırmaq üçün təhsili daha da möhkəmləndirmək lazımdır:
“Buna görə də rus bölmələrini azaldıb, Azərbaycan dilli məktəblərin daha çox olmasını təmin etmək lazımdır. Düzdür, xalqımız tolerantdır. Lakin öz gələcəyimizi də düşünməliyik. Şagirdlərin rus bölməsində təhsil almalarına baxmayaraq, onlardan mütləq şəkildə Azərbaycan dilini öyrənmələrini tələb etməliyik”.
159