WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
08 sen

“Kənardan gələn şəxslərin bağçaları idarə etməsi çətin olur”

“Bir ildə 50 bağça müdiri işdən azad olunub”

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 nəfər işə götürülüb:

“Bundan sonra işə qəbul bu formada aparılacaq”.

Maraqlıdır görəsən, işdən azad olunan bağça müdirlərinin yerinə hansı bacarıqlara malik şəxslər gətirilməlidir?

 

 

 

Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən məktəbəqədər təhsil üzrə mütəxəssisi Xalidə Musayeva bağça üzü görməyən şəxslərin müdir işləməsinin mümkün olmadığını deyib:

 

“Nəzərə almalıyıq ki, rəhbər kadrın hazırlanması asan bir proses deyil. Bunun üçün uzun illər lazımdır. Peşəkar, işini bilən, uğurla yerinə yetirən, idarə edə bilən, liderlik bacarıqları olan şəxslər yetişdirilməlidir. Bir söz var ki, “lider olunmur, doğulur”. Ancaq həmin şəxslər üçün meyarlar mövcuddur. Bu da təcrübə ilə öyrənilir. Bunun üçün də rəhbər şəxslərin yetişməsi uzun illər tələb edən fəaliyyətdir. Məktəbəqədər təhsil müəssisəsini idarə edən şəxs digərlərindən fərqli bacarıqları olmalıdır. Çünki həmin müəssisə Azərbaycanın gələcəyinin təməlini qoyan yerdir. Burada daha həssas, qayğıkeş, sosial, emosional, duyğularla işləməyi bacaran şəxslərin olduğu bir yerdir”.

 

Mütəxəssisin fikrincə, məktəbəqədər təhsil müəssisəsində müdir olaraq ancaq bağçada işləmiş, o mühitə bələd olan şəxs çalışa bilər:

“Qanunvericilikdə göstərilir ki, məktəbəqədər təhsil müəssisəinin rəhbərləri təkcə bağça yox, eyni zamanda ali pedaqoji təhsili olan və müəyyən staja malik olan şəxs ola bilər. Ancaq bununla da razı deyiləm. Çünki bağça elə bil yerdir ki, burada yalnız həmin mühitdə işləmiş, uşaqların, onların valideynlərinin, bütövlükdə bağçanın istəklərinə, bağçanın yerləşdiyi mühitin, sosial çevrənin ehtiyaclarına bələd olan bir şəxs çalışa bilər. Çox təəssüflə qeyd edirəm ki, kənardan gələn şəxslərin məktəbəqədər təhsil müəssisəsini idarə etməsi çətin olur”.

 

Müsahibimiz işdən çıxarılan rəhbərin yerinə həmin sahə üçün yetişdirilmiş bir şəxsin gəlməsini vacib hesab edir:

 

“Statistik göstəricilərə əsasən bu il 50 nəfər işdən çıxarılıb. Düşünürəm ki, çox hissəsi yaşla əlaqədar gedişlərdir. Neqativ hallarla bağlı olan çıxarılmalar da ola bilər. Bunu dəqiq deyə bilmərəm. Cavan kadrların bu sahəyə gətirilməsi vacib ola bilər, ancaq təcrübə də önəmli elementlərdən biridir. Hesab edirəm ki, əgər hansısa müdir işdən çıxarılırsa, onun yerinə həmin sahə üçün yetişdirilmiş bir şəxsin gəlişi təmin olunmalıdır”.

 

X.Musayeva onu da xüsusi vurğulayıb ki, işdən çıxarılmalar kütləvi deyil, mərhələli şəkildə olmalıdır:

 

“Müəyyən səbəblərdən kadrların işdən çıxarılması norma haldır. Ancaq bunu kütləvi şəkildə deyil, mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğundur. Əgər işdən çıxarılma varsa, onların yerinə bu məsuliyyəti götürə biləcək, bacarıqlı, yetişdirilmiş şəxslər gətirilməlidir”. 
189

PAYLAŞ