WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
08 sen

Müəllimlərin maaşı ölkə üzrə göstəricidən 10 faiz aşağıdır

Ötənlərdə keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin son 10 il ərzində orta aylıq əməkhaqqının artan qrafikini təqdim edib. Qeyd olunub ki, indiki halda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Doğrudur, 10 il ərzində 563 manat artım olub. Ancaq nəzərə almaq lazımdır ki, illər ərzində digər sahələrdə də bahalaşma gedib. Bu baxımdan hazırki əməkhaqqı nə dərəcədə yetərlidir?

 

 

Mövzu ilə bağlı Azedu.az-a danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, müəllimlərin orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 10 faiz aşağıdır:

 

“Əksər inkişaf etmiş ölkədə, eləcə də qardaş Türkiyədə müəllimlərin orta aylıq əməkhaqqısı ölkə üzrə orta aylıq maaşdan daha çoxdur. Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqı 922 manatdır. Müəllimlər üçün 830 manat təşkil edir. Amma praktiki olaraq bu ondan xəbər verir ki, müəllimlərin orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 10 faiz aşağıdır. Ona görə də müəllimlərin maaşının artırılması və bu məbləğin ümumi orta aylıq əməkhaqqıdan artıq olması vacibdir”.

 

Parlament üzvü qardaş Türkiyənin təcrübəsinə istinad edərək, bu məsələdə islahatların dərinləşməsinin vacibliyinə diqqət çəkib:

 

“Qardaş Türkiyədə orta məktəb müəllimlərinin orta aylıq əməkhaqqısı illik 12 000 dollardır. Bu aylıq 1000 dollar deməkdir. Bu orta hesabla orta aylıq əməkhaqqıdan 2 dəfə çoxdur. Müəllimlərin daha çox əməkhaqqı alması təhsil sekoturunun inkişafı baxımından olduqca mühümdür. Ona görə də son illər müəllimlərin maaşında artım olmasına rəğmən, bu məsələdə islahatların dərinləşməsinə ehtiyac var”.

 

Deputat diqqətə çatdlırıb ki, xüsusən 2023-cü ildə təhsil xərclərimiz 4.4 milyard manatdır. Bu, 2021-ci illə müqayisədə 44 faiz çoxdur:

 

“Praktiki olaraq, dövlətin bu sahədə diqqətini və qayğısını müşahidə edirik. Təhsilin inkişafı Azərbaycan üçün prioritetdir. Bu konteksdən də qeyri-maaş istiqamətində xərclərin minimallaşdırılması və ya optimallaşdırılması əməkhaqqının artırılmasına gətirib çıxara bilər”.

 

Hazırki durumda əməkhaqqının artırılması sertifikasiya yolu ilə həyata keçirildiyi üçün deputat təklif edir ki, sertifikasiya imtahanlarının mexanizmi təkmilləşdirilsin:

 

“Mövcud qaydalara əsasən differensial sistemdə 35 faiz artım var. Praktiki olaraq 60 sualın 50-nə doğru cavab verən müəllimlə, 60 sualın 30-na cavab verərək 30 faiz nəticə göstərmiş müəllimin əməkhaqqısı eyni artır, yəni 10 faiz. 51 doğrusu olan müəllimə 35 faiz, 50 doğrusu olanın əməkhaqqında 10 faiz artım var. 50, 49, 48 - bunlar 80 faizdən yüksək ballardır. Kembric qiymətləndirilmə sistemində 80 faizdən yuxarı göstərici üstün qiymətləndirmə intervalı hesab olunur. Bütövlükdə indeksasiyada qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var. 80 faizdən yüksək bal toplamış müəllimlərimizin hamısının əməkhaqqısında 35 faiz artımın tətbiq edilməsi vacibdir. Eyni zamanda 30-48 bal intervalında əməkhaqqı artımı ilə bağlı digər intervalların müəyyənləşdirilməsi və burada differensial əməkhaqqı artımının tətbiq edilməsi vacibdir. Bütün bunların tətbiq edilməsi müəllimlərin orta aylıq əməkhaqqının artması və bütövlükdə təhsilverənlərin sosial təminatının yaxşılaşmasına gətirib çıxara bilər”.
82

PAYLAŞ