04 sen
Təhsildən yayındırılan uşaqlar var - Nazirliklər izinə düşüb
Sənədlərin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, bu addımlar ETN rəhbərliyinin tapşırığına müvafiq olaraq həyata keçirilib:
“Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir”.
Qeyd edək ki, təhsildən yayınma halları təkcə sənədlərin çatışmaması deyil, digər səbəblərdən də mümkün ola bilir. Hazırda təkcə sənədləşdirmə prosesi ilə bağlı 22 nəfərdə problem yaranıbsa, digər məsələlərlə bağlı yaranan yayınma hallarının aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Mövzu ilə bağlı məlumat almaq üçün Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən ictimai şuranın üzvü İlqar Orucova müraciət etdik. Onun sözlərinə görə, bu il onlarla müraciət daxil olub:
“Bildiyimiz kimi Azərbaycanda orta təhsil icbaridir. Qanunvericiliyə əsasən, məktəb yaşına çatmış bütün uşaqlar məktəbə cəlb olunmalıdırlar. Əlbəttə, sənəd çatışmazlığı və s. kimi səbəblərdən müraciətlər olur. Elm və Təhsil Nazirliyinin yanında ictimai Şuraya - bizə də onlarla müraciət daxil olub. Bu daha çox insanların miqrasiyasından doğan problemlərlə əlaqəli olur. Bir çox hallarda məktəbdə sistemdə yaranmış yüklənmə səbəbilə valideynlər övladlarının sənədlərini zamanında təqdim edə bilmirlər. Digər tərəfdən xarici ölkədə yaşamış daha sonra yaşayış yerini dəyişərək, Azərbaycanda məskunlaşmış şəxslərin uşaqlarında da analoji problemlər yaranır. Şuranın üzvü olaraq daxil olan bu kimi müraciətləri ETN-ə ünvanladım. Etiraf etməliyəm ki, bu günə qədər həll olunmamış bir problem görməmişəm. Hər birimiz ilk növbədə vətəndaş olaraq şagirdlərin təhsildən yayınmamasında maraqlı olmalıyıq”.
Ekspert bu məsələ ilə bağlı cəmiyyətin məsuliyyətinə də diqqət çəkib:
“Təssüflər olsun ki, bilərəkdən təhsildən yayınma halları da baş verir. Valideynlər bir çox hallarda övladlarını təhsildən yayındırmaq üçün qeydi-qanuni yollara əl atırlar. Hesab edirəm ki, bütövlükdə cəmiyyət olaraq bu məsələdə uşaqların yanında olmalıyıq. Əgər ətrafımızda belə bir hadisənin yaşandığına şahid oluruqsa, həmin uşaqların mənafeyi naminə müvafiq qurumları xəbərdar etməliyik.
Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi bu məsələdə kifayət qədər həssasdır. Yetkinlik yaşına çatmayanlarla bağlı rayonlarda müvafiq bölmələr fəaliyyət göstərir. Eyni zamanda yerli icra qurumları, məktəb rəhbərləri kifayət qədər aktivdirlər”.
98