02 sen
Məktəbdən universitetə : tələbənin adaptasiyası... - Nələr edilməli?
Abituriyentlər artıq ixtisas seçimi ərəfəsindədirlər. Şübhəsiz ki, qəbul xəbərlərini alıb, sevinənlər çox olacaq. Bir sözlə, yeni mənzərə, fərqli mühitlə qarşılacaqlar. Məktəbdən çıxıb universitet həyatına atılacaqlar. Köklü fərqlər olmasa da bu amil onlara yeni təcrübələr qazandıracaq. Onların həm dərslər, həm də müəllim və tələbə kollektivinə adaptasiya olması vacib şərtlərdəndir. Əks təqdirdə müəyyən mövzularda problem yaşaya bilərlər.
Sözügedən mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin yeni dönəmdə yeniyetmələrin yaşadığı bir sıra problemlərdən söz açıb:
“Adaptasiya dövründə müəyyən problemlər yaşaya bilərlər. Qrupa ilk daxil olduqdan sonra yeniyetməlik dövründəki təcrübələrlə dost seçimləri etmək istəyəcəklər. Universitet ortamında xarakterinə, düşüncə formasına görə qruplaşmalar çox olur. Həmin qruplar vaxtaşırı ayrılır. Yeniyetmələr də mütləq şəkildə elə qrupların birində özlərinə yer tapmağa çalışırlar. Çünki əksəriyyət bəzi dostlarını, hətta ailəsini uzaqda qoyub universitetə başlayır. Əlavə olaraq bu zamanları kimlik tapma cəhdlərinin olduğu bir dönəm hesab edə bilərik”.
Psixoloqun sözlərinə görə, valideynlər övladlarına yeni mühitə adaptasiya olmaqda müəyyən çətinliklər yaradırlar:
“Bəzi ailələr universitet dönəmində təzyiqləri artırırlar. Xüsusilə xaricdə və ya ölkə daxilində nisbətən uzaqda yaşayan övladları olan valideynlərdə belə problem yaranır. Elə bu yaxınlarda bir pasiyentimdə belə bir problemlə qarşılaşdım. Övladı uzaqda təhsil alır və günün çox hissəsi, övladının harada olduğu, nə yeyib-içdiyi ilə maraqlanır. Yeniyetmələrin həyata yeni-yeni addımlar atdığı bir dönəm olduğunu nəzərə alsaq, onun kimlik arayışına, sosiallaşmasına bu qədər müdaxilə etmək müəyyən qədər problemdir. Üstəlik, övladının hardan-hara getdiyini bilmək üçün telefonuna proqram yükləyənlər belə var. Belə olan halda özgüvəni olan uşaqda belə zaman-zaman bəzi məsələlərdə qorxular, özgüvənsizliklər yaranır. Çünki bir nəzarət mexanizmi içərisindədir. Valideynlər uşağa özünü gerçəkləşdirə biləcəyi bir imkan vermirlər”.
Müsahibimiz hesab edir ki, hər hansı şəxsin erkən yaşlardan praktiki fəaliyyətə keçməsi özgüvən qazanmasına yardımçı olur:
“Bundan əlavə xarici ölkələrdən birində işləmək, karyera məqsədilə getmək istəyən gənclərə də mane olurlar. “İşləmə, sənin pulun bizə lazım deyil” kimi cümlələrlə çıxış edirlər. Yeniyetmələrin abituriyent olan zaman özlərinə uyğun işlərdə çalışmaları onların potensialını kəşf etməyə kömək edir. Onların erkən yaşlardan praktiki fəaliyyətə keçməsi, hətta buradan gəlir qazanması şəxsin xarakter baxımından formalaşmasına, özgüvən qazanmasına yardımçı olur”.
163