WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
05 apr

Sıradan çıxan və gələcək vəd edən ixtisas hansılardır

Ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlər üçün ən vacib məqamlardan biri ixtisas seçimidir. Gələcəkdə normal iş tapa bilmək üçün düzgün ixtisas seçimi etmək mütləq şərtdir. Bəzən abituriyentlər buna ciddi yanaşmır, "ixtisasın fərqi nədir, əsas universitetə qəbul olum" deməklə bir növ özlərinə haqq qazandırmağa çalışır, gələcəkdə hansı problemlə üzləşəcəklərini təsəvvür edə bilmirlər.
Bəs mövcud reallıq necədir? Abituriyentlər hansı ixtisasları seçsələr, işsiz qala bilərlər? Yaxud gələcək vəd edən sahələr hansılardır?Mövzu ilə bağlı  danışan deputat Ceyhun Məmmədov bildirib ki, hazırda ehtiyac olmayan ixtisaslar yox səviyyəsindədir. Onun fikrincə, hazırda bütün sahələrə ehtiyac var:
“Düşünürəm ki, ixtisas seçimində vakansiyalar nəzərə alınmalıdır. Hazırda ehtiyac olmayan, çox az iş tapıla bilən ixtisaslar yox səviyyəsindədir. Bu gün bütün sahələrə ehtiyac var. Fikrimcə, bizim gənclərimiz bəzən daha çox müəllimlik, hüquqşünaslıq kimi sahələrə müraciət edirlər. Müraciətlərin çox olması səbəbindən bizə hər il hansısa sahə üzrə min nəfər lazımdırsa, bu sahə üzrə bəzən 2,3 min nəfər məzun olur. Yaxud yüz nəfər lazımdırsa, min nəfər məzun olur. Nəticə etibarilə iş tapılmasında müəyyən çətinliklər yaranır. Bu baxımdan biz gəncləri kompüter mühəndisliyi, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, idarəçilik, təhsil menecmenti, eyni zamanda bankçılıq, iqtisadiyyat kimi yeni ixtisas və sahələrə cəlb etməliyik”.

Parlamentari hesab edir ki, hazırkı dövrdə gənclərin informasiya təhlükəsizliyi sahəsinə yönəlməsi daha məqsədəuyğundur:

 “Bu gün Azərbaycanda ixtisas seçimi ilə bağlı müəyyən problemlər müşahidə edilir. Hazırda ən önəmli məsələlərdən biri heç də hamının ali təhsil alması deyil. Azərbyacan cəmiyyətində əksər valideynlər övladlarının təhsil almasını istəyir. Biz bunun valideyn istəyi olduğunu anlayırıq. Amma hesab edirəm ki, əgər bir gəncin ali təhsil almaq potensialı yoxdursa, amma hansısa peşəyə marağı, həvəsi varsa, biz onu bu istiqamətdə yönəltməliyik. Peşə təhsili alması üçün ona dəstək olmalıyıq. Peşə sahibləri digər sahələrin mütəxəssislərindən az vəsait qazanmırlar. İkincisi isə düşünürəm ki, biz daha çox IT sahəsinə meyl göstərməliyik. Bu gün həm bizim ölkəmizdə, həm də dünyanın ayrı-ayrı ölkələrində ən çox ehtiyac olan sahə budur. Azərbaycanda şirkətlərin mütləq əksəriyyəti IT üzrə mütəxəssis axtarır. Dünyada bu sahə üzrə 3 milyona yaxın vakansiya var. Bu, bizim ölkəmizdə də özünü göstərir. Düşünürəm ki, gənclər buna diqqətlə yanaşmalıdır. Təəssüf ki, Azərbaycan cəmiyyətində hüquqa və digər sahələrə daha çox maraq göstərilir”.

 Təhsil eksperti İlqar Orucov isə gələcəyin ixtisaslarının birbaşa texnologiya ilə bağlı olacağını düşünür.

“Hazırda gündəmdə olan ixtisaslar 5 ildən sonra sıradan çıxa bilər. Amma elə ixtisaslar var ki, onlar gələcəyin ixtisasları olacaq. Lakin mütləq mənada bunu demək və proqnozlaşdırmaq çətindir. Bütövlükdə gələcəyin ixtisasları birbaşa texnologiya ilə bağlı olacaq. Eyni zamanda fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığında, yeni yanaşmalara ehtiyac var. Hesab edirəm ki, universitetlər bu istiqamətdə strategiyalarını yenidən formalaşdırmalıdır.

Dünyada 40 mindən çox peşə və ixtisas mövcuddur. Amma müasir peşə və ixtisaslar gənclər arasında akademik səviyyədə təbliğ olunmur. Bu baxımdan insan kapitalının inkişafı Azərbaycanda da geniş maraq dairəsindədir. Ümumilikdə, gələcəkdə hansı ixtisaslara ehtiyac ola bilər? Bununla bağlı mütləq şəkildə düşünmək lazımdır. Fikrimcə, mühəndislik kifayət qədər geniş vüsət alacaq. Fənlərarası münasibətlər kontekstində bir neçə ixtisasın kəsişməsində yeni ixtisaslara ehtiyac duyulacaq. Hazırkı ixtisaslar bir müddət sonra sıradan çıxacaq”, -deyə o söyləyib.

Ekspert əlavə edib ki, gələcəkdə materialşünaslıq və müxtəlif peşə ixtisasları tamamilə sıradan çıxacaq:

“Fənlərarası münasibətlərdə yeni ixtisaslar yaranacaq. Biologiya və texnologiyanın vəhdətində yeni ixtisasların meydana gəlməsi qaçılmaz olacaq. Eyni zamanda süni zəka, internet və rəqəmsallaşma ilə bağlı yeni ixtisaslar meydana gələcək. Habelə, tətbiqi tədqiqat, inkişaf, sağlamlıq və səhiyyə ilə bağlı ixtisaslar da aktual olacaq. Ümumilikdə qlobal problemlər kontekstində ixtisaslaşdırmalar daha geniş vüsət alacaq. Hansi ki, qlobal problemler dedikdə iqlim dəyişiklikləri, eyni zamanda miqrasiya məsələləri, enerji məsələləri, biomüxtəliflik, rəqəmsallaşma ilə bağlı ixtisaslar nəzərdə tutulur. Bu baxımdan deyə bilərik ki, Azərbaycan univeristetlərində tədris olunan, lakin gələcəkdə iş tapılması mümkün olmayan sahələr də mövcuddur. Hansi ki, bizim texniki sahədə ixtisaslaşmış universitetlərdə bu kimi ixtisaslar kifayət qədər çoxdur. Məsələn, materialşünaslıq və eyni zamanda müxtəlif peşə ixtisasları gələcəkdə tamamilə sıradan çıxacaq”.

 Təhsil eksperti gələcəkdə hansı ixtisasların perspektivli olacağı məsələsinə də toxunub:

 “Gələcəyin perspektivli ixtisasları barədə mütləq düşünmək lazımdır. Fikrimcə, təhlükəsizlik məsələləri olduqca vacibdir. Xüsusilə, hərbi təhlükəsizliklə bağlı yeni müasir silahların istehsalı gələcəkdə də gündəmdə olacaq. Bu istiqamətdə kadrların hazırlanması vacibdir. Mövcud hərbi konfliktlər və dövlətlərin sürətlə silahlanmaya meyl etməsi bunu birbaşa təsir göstərir. Texnologiyanın və rəqəmsallaşmanın imkanlarından istifadə edərək hərbi sahələr üzrə kadr hazırlığına ehtiyac duyulacaq. Eyni zamanda ekoloji problemlər üzrə də mütəxəssislərə ehtiyac olduğunu düşünürəm".

 

 

152

PAYLAŞ